Azərbaycan bir daha dünyaya tolerantlıq
nümunəsi nümayiş etdirdi
II
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
Azərbaycanın bu sahədə qazandığı
uğurların fundamental əsaslara söykəndiyini göstərir
Qlobal dünya baxışı coğrafi, siyasi, iqtisadi sərhədlərin aradan qalxmasına xidmət göstərdiyi kimi, fərqli mədəniyyətə, fərqli dünyabaxışına, fərqli dini inanclara malik insanların inteqrasiyasını da özündə ehtiva edir. Bu gün bəşəriyyətin əsas inkişafı məhz insanların dünyaya baxışının əsasında təmin olunur. İnsanların dünyaya baxışı isə mədəniyyətlərin dialoqu, multikulturalizm hərəkatının genişlənməsi, tolerantlığın, dözümlülüyün təmini əsasında daha da yüksək forma və üslub qazanır.
Günümüzdə müasir dünya sivilizasiyasının ümumi inkişaf tempinin təməlini böyük elmi kəşflərlə yanaşı, milli-mənəvi, dini dəyərlərin qorunması və bu dəyərlərin müzakirə edilərək insanların bu mədəniyyətlərə inteqrasiyasına nail olmaq təşkil edir. Bəşəriyyətin əsas formulası sayılan insan tarixin başlanğıcından bəri dini-mənəvi dəyərləri özünün inkişafının lokomotivinə çevirib. Dini dəyərlərlə müasirliyin tendensiyası bəşəri tərəqqinin ən əsas ünsürlərindən biri hesab edilir. Bu vəhdət cəmiyyətin siyasi, sosial və mədəni inkişafında, münasibətlərin formalaşmasında zəmin rolu oynayacaq qədər böyük əhəmiyyət daşıyır.
Azərbaycan tarixin bütün dövrlərində dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətinə görə tolerantlıq nümunəsi olub. Tarixin müxtəlif dövrlərində işğallara məruz qalmasına, bir sıra xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə rəğmən, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin formalaşması və inkişafına mühüm töhfələr verib. Başqa sözlə, xalqımız daim mənəvi-dini dəyərlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir.
1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti müasirliklə mənəvi dəyərlərin vəhdətini dövlətin təməl bazasında birləşdirmişdirsə, cəmi 23 aydan sonra onların devrilməsi ilə hakimiyyətə gələn bolşevizm bu vəhdətin bir tərəfini tam sıradan çıxarmaq arzusunda idi. Mənəvi dəyərlərə, dini baxışlara tam radikal mövqedən yanaşan "Qırmızı Ordu"nun əsas missiyası millətin milli dəyərlərini əllərindən almaq, keçmişini unutdurmaq və inanclarını tam bir qaranlığa istiqamətləndirmək idi. Sovet İttifaqının yarandığı ilk illərdə, demək olar ki, bu fəaliyyət bir missiya olaraq geniş spektrdə aparılırdısa, müəyyən dövrdən sonra bu prosesdə bir qədər zəifləmə baş verdi. Səbəb isə xalqın öz milli-mənəvi dəyərlərini nəyin bahasına olursa-olsun unutmaması, inancına qarşı çıxmaması və gizlində olsa da bu rituallara əməl etməsi idi.
Azərbaycan XX əsrin sonunda ikinci dəfə öz müstəqilliyini elan etməklə bütün stereotipləri sındırdı, təkcə dövləti anlamda deyil, həm də mənəvi sferada bir azadlıq əldə etdi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn, parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycanı birləşdirmək missiyası kimi böyük bir yükü çiyinlərinə götürən ümummilli lider Heydər Əliyev yaranan gərginliklərin, baş verən mürəkkəb və ziddiyyətli proseslərin fonunda xalqın dini-mənəvi dəyərlərinin yenidən bərpası istiqamətində böyük və çox önəmli işlər gördü. Bu mövqe xalqımızın əsrlərlə formalaşdırdığı zəngin mədəni və dini-mənəvi irsdən bəhrələnməklə yanaşı, zamanın ruhu və tələbləri ilə səsləşən prinsipləri özündə əks etdirirdi.
Ulu
öndər Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanan Azərbaycan Konstitusiyası müasir ölkəmizin
dünyaya tolerantlıq nümunəsi kimi təqdim
olunmasında mühüm əhəmiyyət
daşıyır. Əsrlərlə, yüz illərlə
xalqımız tərəfindən qorunan, müasir
günümüzə qədər daşınan bu yüksək
dəyər Ali Qanunumuzda öz əksini tapdı.
Konstitusiyanın 18-ci maddəsində göstərilir ki, Azərbaycan
Respublikasında bütün dini etiqadlar qanun
qarşısında bərabərdir. Ali Qanunun 25-ci maddəsində
isə bildirilir ki, dövlət irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən
asılı olmayaraq, hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verir.
İnsan və vətəndaş hüquqlarını və
azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi,
əqidə, siyasi və sosial mənsubiyyətə görə
məhdudlaşdırmaq qadağandır. Bu isə birmənalı
olaraq Azərbaycanın nümunəsində dünyaya
tolerantlığın ən yüksək səviyyədə
təmini ilə bağlı modelin təqdim edilməsidir.
Ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu
humanist siyasətin möhtərəm Prezident İlham Əliyev
tərəfindən dövrün reallıqlarına,
qanunauyğunluqlarına və tələblərinə
müvafiq surətdə davam etdirilməsi nəticəsində
Azərbaycanı yüksək səviyyəli dəyərlərin
daşıyıcısı olan müxtəlif xalqlar və
dinlərin nümayəndələrinin yanaşı
yaşadığı ideal və arzuedilən məmləkətə
çevirib.
Bu gün ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında xüsusi yer tutmaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə vətəndaşı olduğu hər bir fərdin dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa zidd olmayan səviyyə və formada yararlanmağa geniş şəraitin yaradılması dövlətimizin fundamental tədbirləri sırasında yer almaqdadır.
Bu gün Azərbaycanın dünyanın multikulturalizm mərkəzinə çevrilməsi real bir həqiqətdir. Bu həqiqət bir neçə gün öncə ölkəmizdə keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda növbəti dəfə təsdiqləndi. Tədbirdə dünyanın fərqli məkanlarından, fərqli mədəniyyətlərin, fərqli dinlərin təmsilçiləri bir məqsəd, bir amal ətrafında birləşdi. Forum iştirakçıları dünyada mədəniyyətlərin dialoqunun, fərqli dinlərin daşıyıcısı olan insanların inteqrasiyasının vacibliyini dilə gətirdilər. Bununla yanaşı, hər bir qonaq növbəti dəfə Azərbaycanın tolerantlıq modelini xüsusi dəyərləndirdi. Möhtərəm Prezident İlham Əliyev çıxışında bir daha qeyd etdi ki, forumun Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Çünki Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, dinlərin nümayəndələri üçün Vətən olmuşdur: "Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı olub. Çox şadam ki, müstəqillik dövründə bu müsbət meyilləri biz nəinki qoruyub saxlaya bilmişik, hesab edirəm ki, onları daha da gücləndirmişik və artıq fəaliyyətimizi təkcə ölkənin hüdudları ilə məhdudlaşdırmırıq".
Həqiqətən də Azərbaycan bu gün multikulturalizmin genişlənməsi, daha müasir səviyyədə qəbul edilməsi uğrunda böyük işlər görməkdədir. Keçirilən Ümumdünya Forumu isə bu mənada xüsusi əhəmiyyət daşıyır. Çünki qeyd edildiyi kimi, Azərbaycan tarix boyu digər dinlərin və millətlərin nümayəndələrinə münasibətdə tutduğu mövqeyə görə tam mənada tolerantlıq nümunəsi kimi çıxış edib. Və bu varislik əlaqələrinin əsasında bu gün də ölkəmiz dünyada ən tolerant məkanlardan birini təşkil etməkdədir. Qədim tarixə, zəngin mədəniyyət və ənənələrə malik Azərbaycan xalqı bu gün, sözün əsl mənasında, ölkəmizdəki digər xalqlarla möhkəm birlik nümunəsi sərgiləməkdədir. Çoxmillətli xalqın birliyinin aydın təzahürünü özündə əks etdirən Azərbaycan xalqı digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir. Təbii ki, bütün bunların stimulverici amili və tənzimetmə mexanizmi kimi, ilk növbədə, Azərbaycan dövlətinin qayğısı və dəstəyi mühüm önəm kəsb edir. Qanunvericiliklə hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və azadlıqlar verən, irqi ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı yaşadığı, möhkəm əlaqələrə malik olduğu və bir-birinə mühüm dəyərlər aşıladığı Azərbaycan mədəni nümunələrin - dəyərlərin əlaqələndiricisi - körpüsüdür. Bunu real misallar ilə də sübut etmək mümkündür.
Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 1800-ə yaxındır. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılan digər dinlərə də qayğı göstərir. 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra Rus Pravoslav kilsəsinə verildi. 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın keçmiş Patriarxı, mərhum II Aleksiy bu məbədi müqəddəs elan etdi və ona baş kafedral kilsə statusu verdi. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi - Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olundu.
Respublikanın katolik icması da hər zaman dövlət qayğısını öz üzərində hiss edir. 2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün icmaya xüsusi bina verildi və bu bina kiçik kilsəyə çevrildi. Roma-katolik kilsəsinin sabiq başçısı II İohann Pavelin 2002-ci ildə respublikaya etdiyi tarixi səfər isə xüsusi əhəmiyyət daşıyırdı. Bakıda olarkən Papa Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etdi. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapıblar.
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur. Məhz ulu öndər Heydər Əliyevin şəxsi səyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə "Yəhudilər Azərbaycanda" kitabını hazırlayıb. 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında "Qafqazın dağ yəhudiləri" mövzusunda beynəlxalq seminar keçirilib.
Bu mühüm məqamlar Azərbaycan dövlətinin tolerantlığın təmini, daha geniş formatda inkişaf etdirilməsi yönündə apardığı fəaliyyətin üzərinə işıq salır. Möhtərəm Prezidentin bildirdiyi kimi, Bakıda keçirilən ikinci forum multikulturalizmi inkişaf etdirmək və Azərbaycanın tolerantlıq modelini dünyaya təqdim etmək, o cümlədən bu yöndə mühüm müzakirələr aparmaq üçün böyük töhfəyə çevrildi: "Ancaq biz təkcə forumların keçirilməsi ilə öz işimizi məhdudlaşdırmamalıyıq. Biz müxtəlif tədbirlər hazırlamalıyıq, müxtəlif aksiyalar keçirməliyik. Mədəniyyətlərarası dialoqun inkişafı üçün ciddi tədbirlər görülməlidir".
Azərbaycanda
dövlət siyasətinin tərkib hissəsi milli
azlıqların mədəniyyətlərinin, dilinin qorunub
saxlanmasında daim dövlət dəstəyinin verilməsindən
ibarətdir.
Azər BADAMOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2013.- 15 iyun.- S.9.